Tələbələr “Nömrə 1” çörək zavoduna ekskursiya edib

“Gilan Holding” xeyli müddətdir tələbələr üçün ekskursiyalar təşkil edir.

 

APA TV-nin məlumatına görə, növbəti ekskursiya Bakının Xətai rayonu ərazisində yerləşən “Gilan Holding” ə məxsus “Nömrə 1” çörək zavoduna olub.

 

Bu dəfə ADA Universitetinin biznes və İT fakültələrinin tələbələri müəssisənin fəaliyyəti ilə tanış olmaq imkanı qazanıb. Tələbələrə zavodun fəaliyyəti, tətbiq edilən müasir texnologiyalar və avadanlıqlar, məhsul çeşidləri barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, “Nömrə 1” Çörək zavodunda müasir və ən son alman texnologiyasına əsaslanan bişirilmə üsullarından istifadə olunur. Zavodda quraşdırılan müasir avadanlıqlar istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Burada beş çörək istehsal xətti, qablaşdırma xətləri, xammalın qablaşdırılması və avtomatik qoruyucusu olan anbar dəstək sistemləri quraşdırılıb. 

 

Gündəlik istehsal gücü 168 ton, illik isə 62 min tona yaxın olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılıb. Xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilən un burada quraşdırılan və hər birinin tutumu 40 ton olan 7 un anbarına boşaldılır. Un metal detektorlardan keçdikdən sonra ölçü stansiyalarına ötürülür. İstehsalda çəkiyə avtomatik qaydada nəzarət olunur. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.

 

Tələbələr sanitar-gigiyenik normalara və yüksək keyfiyyət standartlarına cavab verən istehsalat prosesləri ilə tanış olub, “Nömrə 1” çörək  zavodunda hazırlanan çörək və un məmulatlarının nümunələrinə baxıblar.

 

“Gilan Holding”in işə qəbul şöbəsinin mütəxəssisi Ağahüseyn Əliyev deyir ki, bu cür ekskursiyalar tələbələrə nəzəri biliklərin təcrübədə tətbiq edilməsi baxımından geniş imkanlar yaradır. İstehsal prosesini görmək həm nəzəriyyənin möhkəmləndirilməsi, həm də biznes mühitinin fərqli aspektlərini öyrənmək baxımından faydalıdır: “Tələbələr razıdırlar. Yerli istehsalı görürlər. Bir tələbə üçün sual olur ki, bu məhsullar, bizim ölkədə istehsal olunsa, xarici məhsullar kimi keyfiyyətli olarmı? Amma istehsalatı gördükdən sonra tələbə üçün tamam fərqli baxış yaranır. Tələbə artıq bilir ki, bu, respublikada istehsal olunur, hansı qaydada istehsal olunur və onun keyfiyyətinə əminliyi yaranır. Demək olar ki, respublikanın bütün universitetləri ilə əməkdaşlıq edirik. Bakı və Bakı ətrafı müəssisələrimizə daim turlar təşkil edirik. Universitetlər daim bizimlə əməkdaşlıq etməkdən razı qalırlar”

“Gilan Holding”in İşə qəbul şöbəsinin mütəxəssisi Ağahüseyn Əliyev əlavə edib ki, bu cür turlar tələbələrin gələcəkdə işə qəbuluna şərait yaradır. Belə ki, müəssisənin fəaliyyətinə bələd olan məzunlar üçün iş tapmaq daha asan olur.

 

Təhsil sektoru və biznesin qarşılıqlı əlaqələrinin inkişafına daim öz töhfəsini verən “Gilan Holding” yaxın zamanda geniş miqyaslı “Tələbə təkmilləşdirmə” proqramına start verməyi planlaşdırır. İyul ayında başlayacaq proqramda tələbələr üçün həm turlar, həm də təlimlər təşkil ediləcək.

Müəllif | Apa.Tv
Nigar Həsənli