DEKABRDA BAR VERƏN AĞAC

Göyçay rayonunda ilk dəfə yetişdirilən mərsin ağacı bar verib. Ölkəmizin təbiətinə uyğun olmayan hind narı və konfet ağacı kimi qeyri-adi ağacları yetişdirən bağban, Ərəb kənd sakini, 57 yaşlı Rafiq Xəlilov artıq mərsini meyvələrini toplayır. Rafiq Xəlilov mərsin meyvəsinin toxumlarını 6 il öncə Gürcüstandan gətirdiyini  və nəhayət ki, 6 ildən sonra bar verdiyini deyir.

 

Dekabr ayında yetişən meyvənin Vətəni Cənubi Amerikadır. Bağban Rafiq Xəlilov gələn ilin yaz aylarında bu meyvə ağacının sayını artırmağı və mərsin bağı salmağı planlaşdırır. Bağban deyir ki, bütün yay meyvələrinin ağacları payızda yarpağını tökür. Ancaq bu ağacın yarpaqları üstündə qalır.

 

APA TV-nin xəbərinə görə, İbn Sina mərsinin meyvələrinin diabet xəstələri üçün çox xeyirli olduğunu deyib. Meyvələri dişlərin çürüməsinin qarşısını alır, babasili sağaldır, düz bağırsağın və uşaqlığın sallanmasının qarşısını alır, ishalı dayandırır, ürək döyüntüsünü azaldır, ürəyin fəaliyyətini qüvvətləndirir, öskürəyi kəsir, iflic olmuş orqanları müalicə edir, saçların tökülməsinin qarşısını alır. Mərsinin meyvəsindən və yarpağından ətir və boyaq kimi istifadə olunur.

      

Müəllif | Apa.Tv
Elvin Yaqubov