Astarada 52 metr hündürlüyündə bayraq dirəyi quraşdırılıb
Astarada park-bulvar kompleksinin ikinci hissəsində tikinti işləri sürətlə davam etdirilir.
APA TV-nin cənub bürosunun xəbərinə görə, keçən ilin may ayında başlanan işlərin bu ilin may ayında təhvil verilməsi gözlənilir.
Astaranın simvoluna çevrilən yaraşıqlı və füsunkar görkəm almış dənizkənarı park-bulvarın ikinci hissəsində artıq bataqlıq olan ərazi tamamilə abadlaşdırılıb, 350 min kubmetr qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi xeyli qaldırılıb. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda qala divarlarının, eləcə də Bayraq Meydanının tikintisi sürətlə davam etdirilir.
"Park-bulvarda nəzərdə tutulmuş bütün əsaslı tikinti işləri başa çatmaq üzrədir. Kosmetik işlər qalıb. Kosmetik işlərin də may ayının sonlarına qədər təhvil verilməsi nəzərdə tutulub".
Son tamamlanma işləri gedən parkda 80 nəfər işçi qüvvəsi və 12 texnika çalışır. May ayına kimi təhvil verilməsi gözlənilən bulvarın hazırda gəzinti və velosiped yollarına yerli materiallardan istehsal olunmuş beton tavacıqların döşənməsi, yaşıllıqların salınması işləri uğurla davam edir.
"Hündürlüyü 52 m olan bayraq dirəyi quraşdırılıb. Şəlalə, fontan, fitnes, uşaq əyləncə mərkəzi, heykəltəraşlıq guşəsi, gəzinti meydançası və s nəzərdə tutulur".
Bununla da Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 12 hektar artırılaraq 18 hektara çatdırılacaq.