Mayk Pompeo: "İran dünyada terrorçuların ən böyük sponsorudur"
ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo İrana qarşı sərt bəyanatla çıxış edib.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, Yaxın Şərq turuna çıxan Mayk Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı kral Salman və vəliəhd Məhəmməd ibn Salmanla görüşüb.
Görüşdən sonrakı mətbuat konfransında dövlət katibi İranın dünyada terrorçu qrupların və ekstremistlərin ən böyük sponsoru olduğunu bildirib. Yəməndəki husilərin ən güclü dəstəkləyicisinin İran olduğunu bildirən Pompeo Tehranın Suriyada Əsəd rejiminin də ən yaxın müttəfiqi olduğunu vurğulayıb. O, İranla bağlanan nüvə razılaşmasının növbəti ay qüvvədən düşə biləcəyinə də işarə edib.
Səudiyyə Ərəbistanından sonra Tel-Əvivə səfər edən Mayk Pompeo İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Dövlət katibi Netanyahu ilə birlikdə keçirdiyi mətbuat konfransında da İranı hədəf alıb və İranın bütün fəaliyyətlərinə qarşı İsraillə birlikdə hərəkət edəcəklərini xüsusi qeyd edib.