İsrail İranı nüvə istehsalına dair arxivləri gizlətməkdə ittiham edib - "CƏFƏNG ŞOU"

İsrailin baş naziri Benyamin Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb.

APA TV-nin TASS agentlyinə istinadən verdiyi xəbərə görə, B.Netanyahu bildirib ki, 2017-ci ildə İran nüvə silahları üzrə arxivlərini gizlədib.

“İran nüvə silahının yaradılması proqramına malik olmadığına dair yalan danışır. İranla nüvə razılaşması yalana əsaslanır”, - deyə B.Netanyahu vurğulayıb.

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı İsrailin baş naziri Benyamin Netanyahunun son bəyanatlarını “cəfəng şou” adlandırıb.

“Bu bəyanat cəfəngiyatdır. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynadı”, - deyə Abbas Əraqçı qeyd edib.

Məsələyə münasibət bildirən ABŞ prezidenti Donald Tramp isə növbəti dəfə İranın nüvə proqramına dair razılaşmanın pozulmasını istisna etməyib.

Müəllif | Apa.Tv
Apa.tv