Birjalarda optimist əhval-ruhiyyə hökm sürür, neft bahalaşır
Birjalarda neftin qiyməti ilə bağlı optimist əhval-ruhiyyə hökm sürür.
APA TV-nin xəbərinə görə, ABŞ-da neft hasilatına cəlb olunan buruqların sayının ötən həftə 5 vahid artaraq 825 vahidə çatması qiymətlərə mənfi təsir göstərsə də, treyderlərin pozitiv gözləntiləri qalmaqdadır.
Bu həftə Avropa İttifaqından ABŞ-a dəmir və alüminium idxalına tətbiq olunan yeni tariflərin müvəqqəti ləğvi gözlənilir, bundan başqa bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair hesabatı açıqlayacaq.
Birjalar həmçinin Federal Ehtiyat Sisteminin iclasının qərarına kökləniblər. Dolların uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair qərar sabah açıqlanacaq. Qərarın neft qiymətlərinə ciddi təsiri olacaq.
Hazırda birjalarda “Brent” neftinin bir bareli 74,75 dollardan satılır, Qərbi Texas nefti isə 68,64 dollara təklif olunur. Treyderlərin optimist gözləntiləri özünü doğrultsa, bu həftə qiymətlərin 76 dollar səviyyəsinə çatacağı istisna olunmur.