Rusiyada dəhşət: azərbaycanlı qadın uşaqlarını öldürüb yandırdı
Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. APA TV-nin Rusiya mediasına istinadən xəbərinə görə, 27 yaşlı ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.
Milliyyətcə azərbaycanlı olduğu bildirilən Yelena Kərimova kirayə götürdüyü avtomobildə 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğub. Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, uzun müddətdir istifadə edilməyən tərəvəz bazasında yandırıb.
Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.
Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb. Saxlanılandan sonra Nijni Novqorod sakini olan qadın olanları etiraf edib. Bildirib ki, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib.
İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.
Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib. “O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, - Kərimova aprelin 21-də paylaşıb.
Faktla bağlı cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir.