DGK: Sədərək gömrük-keçid məntəqəsinin rəisinin həbsi araşdıırılır - AÇIQLAMA

Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyənin Qars vilayətində saxlanıb. “Doğan” xəbər agentliyinin verdiyi məlumata görə, Mirməhəmməd Seyidovu dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları saxlayıb.

O, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsində Türkiyə polisinin rüşvət və qaçaqmalçılıq hallarına qarşı keçirdiyi əməliyyat tədbirləri çərçivəsində tutulub.

Mirməhəmməd Seyidov saxlanıldıqdan sonra İğdır şəhərinə aparılaraq dövlət xəstəxanasında tibbi müayinədən keçirilib. O, zəruri prosedurlar həyata keçirildikdən sonra dindirilmək üçün prokurorluğa göndəriləcək. Hadisə ilə bağlı Azərbaycanın İğdır şəhərindəki baş konsulu Asiman Əliyev İğdır Əmniyyət Müdirliyinə gedərək baş verənlər haqda məlumat alıb.

Azərbaycan Dövlət Gömrük Komitəsi Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib.

Komitədən APA-ya bildirilib ki, hazırda Mirməhəmməd Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır.

Türkiyə polisinin dekabrın 17-də sərhəddə 200 polisin iştirakı ilə keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 7 gömrük əməkdaşı və 10 nəqliyyat firmasının sahibi həbs edilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı