Bakıda dəhşətli qətl: keçmiş arvadını və yanındakı oğlanı bıçaqladı

Bakıda dəhşətli qətl törədilib. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saat 10.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, "Gorgud Plaza"nın yaxınlığında qeydə alınıb.

 

Əslən Gəncədən olan 1987-ci il təvəllüdlü İbrahimova Zəhra Səfər qızı bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

 

Hadisə şahidlərinin ifadəsinə görə, Zəhra İbrahimova Nərimanov rayonu, Qarabağ küçəsi-39 ünvanında yerləşən biznes mərkəzində işə düzəlibmiş. Bu gün mərhumun ilk iş günü olacaqmış.

 

Hadisənin qısqanclıq zəminində onun keçmiş əri tərəfindən törədildiyi bildirilir. Belə ki, keçmiş həyat yoldaşını oğlanla görən Rəşad İbrahimov onların hər ikisini bıçaqlayıb. Nəticədə Zəhra İbrahimova hadisə yerində ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Zəhra Səfər qızı İbrahimovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə göndərilib. Şöbədən bildirilib ki, 1987-ci il doğumlu Zəhra İbrahimova döş qəfəsi nahiyəsindən çox saylı deşilmiş-kəsilmiş bıçaq xəsarətləri alıb.

 

Hadisəni törədən Rəşad İbrahimov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı