Qüdrət Həsənquliyev: "Milli Məclisin Qarabağla bağlı xüsusi iclası çağırılsın!"
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədovun açıq elan etdiyi iclasın gündəliyinə mayın 4-də nəzərdə tutulan iclasın gündəliyi ilə birlikdə 52 məsələ daxil olub.
Cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib. Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan deputat qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalının təsis edilməsinin müzakirəsi zamanı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin elan olunmasına səs verən deputatların adları açıqlanmalıdır: “Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.
Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız istiqlalçı deputatlar SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər.
Milli Məclisin sədrinin müavini Bahar Muradova Bahar Muradova bildirib ki, Milli Məclis Cümhuriyyətin yubileyinin keçirilməsinə hazır olmalıdır: “Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə də bağlı yubiley medalının təsis edilməsi istiqamətində iş gedir”.
Vitse-spiker Ziyafət Əsgərov mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasının yanlış təqdim edilməsinə diqqət çəkib: "Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Onlar məsələlərə münasibət bildirərkən kontekstdən çıxarırlar, yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırmanı qeyd etmirlər. “Hərbi vəziyyət haqqında” qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq”.
Müzakirələrdən sonra parlament hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəza nəzərdə tutan dəyişikliyi təsdiqləyib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunması layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirəyə çıxarılıb. Layihələr səsə qoyularaq qəbul olunub.