Gəncədə quldur dəstəsi yaxalandı - EVLƏRİNDƏN QUMBARA ÇIXDI
Gəncə polisi vətəndaşlara qarşı soyğunçuluq edən 3 gənci saxlayıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında 3 nəfər tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək pulunun alındığını bildirib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra avtomobillə aradan çıxdıqları müəyyən edilib.
Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar. Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1” qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.