5 POLIS RƏİSİ İŞDƏN ÇIXARILDI - KORRUPSİYA QALMAQALI
Türkiyədə rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamı üzrə əməliyyatı həyata keçirən polis müdirləri vəzifədən çıxarılıb. Türkiyə xəbər agentliklərinin məlumatına görə, İstanbul Əmniyyət Müdirliyinin maliyyə şöbəsinin müdiri Yaqub Sayqılı, Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Toğrul Turhal, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdiri Nazmi Ardıç, Terrorla mübarizə şöbəsinin müdiri Ömər Kösə və Asayiş şöbəsinin müdiri Ərsan Ərçıktı vəzifələrindən kənarlaşdırılıb.
APA TV-nin xəbərinə görə, Türkiyə mediası polis rəislərinin işdən azad edilmələrini baş nazir Ərdoğanın Gülən Hərəkatına cavabı kimi şərh edir.
Vəzifəsindən azad olunan şəxslərin nurçulara yaxın olduğu bildirilir. Dekabrın 17-də keçirilən və Türkiyədə hökumət üzvlərinin ailəsinə qədər uzanan əməliyyatların Amerikada yaşayan din adamı Fətullah Gülənin Türkiyə baş naziri ilə aralarında yaşanan narazılıqla bağlı olduğu iddia edilir. Bildirilir ki, əməliyyat əmri Gülən Hərəkatından gəlib.Türkiyədə polis sisteminin əsas etibarilə Gülən Hərəkatının təsirində olduğu fikir səsləndirilir.
Türkiyə mətbuatı iddia edir ki, Baş Polis İdarəsinin rəisi Hüseyn Çapkın idarəyə gəlməyib.
Türkiyədə rüşvət, korrupsiya və qaçaqmalçılıqla mübarizə çərçivəsində 3 nazir övladı da daxil olmaqla, 84 nəfər saxlanılıb. Onların arasında iş adamları Əli Ağaoğlu, Rza Zərrab, onun qardaşı da var.