Səfər Mehdiyev: "Gömrük orqanlarında ciddi islahatlar aparılacaq"

Bu gün Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı öz işinə başlayıb.

 

APA TV-nin məlumatına görə, tədbiri Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyası və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.

 

Tədbirdə çərçivəsində qonaqlar ilkin olaraq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

"İqtisadi inkişaf üçün təhlükəsiz biznes mühitinə dəstək" devizi ilə keçirilən konfransda 25 ölkədən 150 nümayəndə iştirak edir. Toplantının açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet, Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino, İspaniya Gömrük və Aksiz İdarəsinin baş direktoru Pilar Jurado, "KGH Border Services" şirkətinin prezidenti və icraçı direktoru Lars Karlsson və Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Enrique Kanon iştirak edib.

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışında qlobal ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, gömrük orqanlarının potensialının gücləndirilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva etdiyini diqqətə çatdırıb:  "4 ay üçün nəzərdə tutulmuş 750 mln. manat proqnoza qarşı 1 mlrd. 21 mln. manat proqnoz icra olunub. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 270 milyon manat əlavə vəsait ödəyib. Hesab edirəm ki, ilin sonuna kimi bu tendensiya davam edəcək və uğurlarımız davam edəcək. Bu artım ticarətdə, idxal-ixrac əməliyyatlarında artım hesabına baş verib".

 

S.Mehdiyev qeyd edib ki, ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir. Bu baxımdan strukturda, ümumiyyətlə, gömrük biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı