İki dövlət qurumu arasında anlaşma memorandumu imzalanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

 

APA TV-nin məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, qida sektorunda idarəçiliyin tənzimlənməsi, əhalinin sağlamlığının qorunması, eləcə də qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı korrupsiya hüquqpozmalarının müəyyən edilməsi baxımından memorandum mühüm əhəmiyyət kəsb edir.  

 

Onun sözlərinə görə, qida məhsullarına veriləcək sertifikatların tariflərinin müəyyən edilməsi üçün təkliflər hökumətə göndərilib. Rüsumlar sahibkarların ödəyə biləcəyi həddədir: “Sahibkarlar “ASAN XİDMƏT”in regional və Bakı şəhərində yerləşən bölmələrinə müraciət edərək sertifikatları, eləcə də qida təhlükəsizliyi sahəsində həyata keçirilən qeydiyyatlarının təsdiqedici kodlarını oradan götürəcəklər. Məhsulların çeşidinə görə sertifikatlaşma məsələsi ləğv olunur”.

 

Eyni zamanda idxalçı dövlətin tələbinə uyğun sertifikatlaşma həyata keçiriləcək. Yəni, qida məhsullarının ixracatı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul ixrac edəcəkləri dövlətin idxal tələbinə uyğun sertifikatlar əldə edəcəklər.   

 

Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev isə bildirib ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, əhalinin sağlamlığına təhlükə yarada biləcək istənilən neqativ halla mübarizə daim diqqət mərkəzindədir: “Dərman preparatları ilə bağlı – qeydiyyatda olmayan, mənşəyi bilinməyən dərmanların satışının təşkili ilə bağlı hallar olub. Gələcəkdə yeni faktlar olarsa, yeni şəxslər olacaqsa, onlar da məsuliyyətə cəlb olunacaqlar. Qarşımızda duran məqsədlərdən biri də Səhiyyə Nazirliyi və digər dövlət qurumları ilə birgə institusional tədbirlər həyata keçirməkdir”.

 

Tədbirdə bildirib ki, qida zəncirinin bütün mərhələlərində baş verə biləcək hər növ qanun pozuntusunun qarşısı Baş idarə və eləcə də müvafiq qurumlar tərəfindən alınacaq.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli