Akademik Zərifə Əliyeva adına Liseyin 10 illiyi qeyd olunub
Düz 10 ildir onlar dünyaya göz açıb. 10 ildir onlar uğurları, nailiyyətləri ilə hər kəsi sevindirir və düz 10 ildir dünyanın müxtəlif ölkələrinin ən müasir təhsil ocaqlarında təmsil olunurlar.
Akademik Zərifə Əliyeva adına Lisey 2008-ci il aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85-ci ildönümü ərəfəsində açılıb. İşıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, gözəl ana, qayğıkeş ömür yoldaşı, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən, əvəzedilməz şəxsiyyət olan akademik Zərifə Əliyevanın 95 illik yubileyində onların da on yaşı tamam olur.
Mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, universitet rektorları, görkəmli elm xadimləri iştirak ediblər.
Liseyin direktoru, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva bildirib ki, bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir: “Bu gün liseyimizin yaranmasından 10 il keçir. Liseyin daşıdığı ada və anda sədaqətlə 10 ildir ki, yol gəlirik. Bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Şagirdlərimizin bir qismi istər ölkədaxili, istərsə də beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda çoxlu sayda medal və diplomlara layiq görülüblər. Biz liseyimizin məzunları sayəsində dünyaya da qapı açmışıq".
Mehriban Vəliyeva hazırda liseyin məzunları arasında dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirənlərin sayının az olmadığını vurğulayıb. Bütün bu nailiyyətlərin arxasında həm peşəkar, həm də fədakar müəllim əməyi durur, deyən Mehriban Vəliyeva onu da əlavə edib ki, liseyin göstərdiyi xidmətin bəhrəsini gələcək nəsillər də görəcək.
Liseyi yubiley münasibətilə təhsil naziri Ceyhun Bayramov da təbrik edib: "Hesab edirik ki, bu gün bu möhtəşəm salonda Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi çox əhəmiyyətlidir. Zaman baxımından 10 böyük bir müddət deyil, ancaq məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, lisey kifayət qədər qısa müddət ərzində öz məzunlarının akademik göstəriciləri ilə, mənəvi keyfiyyətləri ilə, sosial aktivliyi ilə şagird kontingenti və məzunları seçilir. Bu 10 il ərzində burda yüksək akademik biliyə malik personal formalaşıb".
Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda, liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib.
Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edib.
Digər qonaqlar da liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, bu məktəbin təhsilə verdiyi töhfələrdən danışıblar.
Sonra C.Bayramovun imzaladığı əmrə əsasən, kollektivin 27 müəlliminə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.
Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşıb.