Azərbaycanın məşhur heykəltəraşı vəfat etdi
Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov vəfat edib.
APA TV-nin məlumatına görə, 91 yaşlı rəssam bu gün evində dünyasını dəyişib.
Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltəraşı olub.
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu olan Tokay Məmmədov 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.
Tokay Məmmədov Mirmöhsün Nəvvab, peşəkar vokal sənətinin banisi Bülbülün qəbirüstü abidələrinin müəllifidir. O, həmçinin Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.