Azay Quliyevin "Azərbaycanda QHT: tarix və inkişaf" kitabının təqdimatı keçirilib
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevin "Azərbaycanda QHT: tarix və inkişaf" adlı kitabının təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, mərasim Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutub.
Qeyd olunub ki, kitabda QHT-lərin əhəmiyyəti, beynəlxalq münasibətlər sistemində bu sektorun yeri və rolu ölkə ictimai elmində ilk dəfə olaraq ətraflı araşdırılıb. Müəllif elmi tədqiqatında QHT-lərin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdıraraq, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib.
Azay Quliyev bildirib ki, QHT Azərbaycanda nisbətən yeni sahə olduğundan, elmi tərəfdən də az işlənilib: "QHT sahəsi, ümumiyyətlə, ictimai birlik fəlsəfəsi Azərbaycanda nisbətən yeni olduğuna görə müstəqillik dönəmindən sonra bu fəlsəfəyə fərqli yanaşma sərgiləndiyindən, burada müxtəlif aspektdən baxışlar var. Ən az işlənilən sahə məhz bunun elmi tərəfindən araşdırılması, tədqiqatıdır. QHT-lər, sadəcə, bir akt deyil, prosesdir. QHT vətəndaş cəmiyyətinin ən önəmli institutudur. Bunları tədqiq etmək çox maraqlıdır".
Qeyd edək ki, Azərbaycanda QHT-lərin tədqiqatında ilk monoqrafiya olan kitabın elmi redaktoru prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, rəyçiləri Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Əlikram Abdullayev, Bakı Dövlət Universitetinin professoru, Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Birmingem Universitetinin professoru, Avropa Şurası Venesiya Komissiyasının eksperti Jeremi Makbrayd (Jeremi McBride), Bakı Dövlət Universitetinin professoru, deputat Hikmət Babaoğlu və AMEA Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadədir.