Tahir Kərimli: “Azərbaycan dünyanın ən göyçək Fatmasıdır”

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunub.

 

Məlumatı Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov təqdim edib.

 

Daha sonra deputatlar müzakirələr aparıblar, təkliflərini irəli sürüblər.

 

Deputat Hikmət Babaoğlu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsini sosial mediaya qarşı tədbirlər görməyə çağırıb. O bildirib ki, klassik mətbuatdan fərqli olaraq, sosial media insan alverini, uşaqlara qarşı fiziki təcavüzü təbliğ edir: “Mən sizi sosial mediaya qarşı tədbir görməyə çağırıram və əminəm ki, sizdə bununla bağlı proqram var. Məsələn, bu yaxınlarda hansısa orta məktəbdə uşağa qarşı fiziki təcavüzü sosial şəbəkələrdə geniş yaydılar. Bu, bir yandan informasiyanın yayılmasına xidmət edirdisə, digər tərəfdən bu hadisəni təbliğ edirdi. Ona görə də mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir”.

 

Deputat Tahir Kərimli bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı narazılığını bildirib: “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın ən göyçək Fatmasıdır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.

 

Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısı almaq lazımdır: “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.

 

Komitə iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov da iştirak edib.

 

Müzakirələrdən sonra hesabat plenar iclasa tövsiyə olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı