Goranboyda sükan arxasında infarkt keçirən sürücü qəzaya səbəb olub - 3 ÖLÜ, 4 YARALI

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, avtoqəza Xan Qərvənd kəndinə gedən yolda qeydə alınıb.

"VAZ 2121" (Niva) və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində "Niva"nın sürücüsü Goranboy rayon sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğlu hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Feyzullayeva Hüsniyyə Sədrəddin qızı və onların övladı 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızı xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"Toyota" markalı avtomobilin sürücüsü Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı da xəsarətlə xəstəxanaya aparılsa da, hər ikisi orada keçinib. Həmin şəxslərin iki nəvəsi - 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı və 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu isə xəsarət alıb. Hər üç uşağın vəziyyəti hazırda normaldır.

DİN-in mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA TV-yə verdiyi məlumata görə, ilkin ekspertiza müayinəsi zamanı yol qəzasının “Toyota” markalı avtomobilin sürücüsü, 58 yaşlı F.Quliyevin sükan arxasında qəfildən infarkt keçirməsi səbəbindən baş verdiyi məlum olub. Nəticədə sürücü idarəetməni itirdiyindən avtomobil yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.

Ciddi xəsarət almayan F.Quliyev xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərin də öldüyünü eşidərək ürək tutmasından orada keçinib. Onun bundan əvvəl iki dəfə ürəyindən əməliyyat olunduğu deyilir.

Yol qəzasının istintaqı Goranboy Rayon Polis Şöbəsində araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv