Masallıda iki məsciddən oğurluq edənlər tutuldu - KÜLLİ MİQDARDA PUL APARILIB
Masallıda iki məsciddən pul oğurlayan şəxslər tutulub. APA TV-nin cənub bürosunun məlumatına görə, həmin şəxslər DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ələ keçirilib.
Hadisə Masallı rayonunun Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddə törədilib. Həmin yerdən səhər saatlarında 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov aşkarlanaraq polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat zamanı oğurlanan pulun 300 ABŞ dolları və 127 manatı onlardan maddi sübut kimi götürülüb. Masallı RPŞ-nin İstintaq bölməsinin rəisi Anar Xəlilovun sözlərinə görə, onlar bundan əvvəl də oxşar cinayətə əl atıblar:
"Bundan əlavə, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 aprel 2018-ci il tarixdə saat 11:00 radələrində Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən məscidin içərisində olan dəmir seyfin qapısını sındırmaqla 127 manat pul da oğurlayıblar".
Hər iki faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.