Əli Hüseynli: "Bəzi qanunların tətbiqi çətinləşir"
“İrəli” İctimai Birliyi Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqları haqqında ümumi bəyannamə - 65 il” adlı konfrans keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən millət vəkili Rəbiyyət Aslanova bildirib ki, Azərbaycan vətəndaşı insan hüquqları haqqında böyük sivilizasiyaya malikdir. Onun sözlərinə görə, bu gün dünyanın milli dövlətləri bir sıra təhdidlərə məruz qalır. Bunlara siyasi, sosial-mədəni, etnosiyasi, mədəni və geosiyasi təhdidlər daxildir. Belə ki, bu gün bir çox qurum milli dövlətin içində transmilli olmağa çalışır. Həmçinin, milli dövlətin etnoqrafiyası haqqında yanlış məlumatlar da yayılır və bu artıq ölkələrin qlobal probleminə çevrilib. Azərbaycan da bunlarla mübarizə aparır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, hazırda ölkəmiz bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir və insan hüquqlarnı qorunması istiqamətində vacib qanunlar qəbul edib. Onun sözlərinə görə, bəzi qanunlar milli şüurla toqquşur və onun həyatda tətbiqi çətinləşir. Millət vəkili həmçinin bildirib ki, Avropanın insan hüquqları ilə bağlı daha aktiv çıxış etməsinə baxmayaraq, bunun tarixi Şərqdən qaynaqlanır. Daha sonra tədbir diskussiyalarla davam edib.