Xalça Muzeyində "Şərəfli tarixi yol" sərgisi açılıb
Bakıda keçirilən beynəlxalq toplantının iştirakçıları Azərbaycan Xalça Muzeyində "Şərəfli tarixi yol" sərgisi ilə tanış olublar.
APA TV-nin məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin təşkil etdiyi sərginin açılış mərasimində çıxış edən Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin gömrük sahəsindəki fəaliyyətini əks etdirir.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. "Şərəfli tarixi yol" sərgisində nümayiş olunan eksponatlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər sahələrlə yanaşı, 1918-1920-ci illərdəki gömrük tarixini və həmin dövrü əks etdirən etnoqrafik mühiti, neft sənayesini və ictimai həyatı əks etdirir. Sərgidə nümayiş olunan arxiv sənədlərini və fotoşəkilləri Azərbaycan Milli Elmlər Akademiyası təqdim edib. Səfər Mehdiyev buna görə Milli Elmlər Akademiyasının və təşkilati məsələlərdə dəstəyi üçün Azərbaycan Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi mayın 3-dək davam edəcək.