Ermənilər Ağdamda su idarəsinin işçilərini gülləbaran etdi - MAŞINLARI DEŞİK-DEŞİKDİR
Ötən gecə erməni hərbi birləşmələri qoşunların qarşıdurma xəttində gərginlik yaradıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, gərginlik Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yaşanıb.
Bu dəfə də ermənilər mülki vətəndaşları atəşə tutub. Ərazidə nasaz vəziyyətdə olan artezian quyusunda təmir işləri aparan texniki işçilər həyatlarını xilas edə bilsə də, avtomobil deşik-deşik olub.
Sürücü İlham Məmmədov ilk dəfə deyil belə halla üzləşib: "Bizim artezianların əksəriyyəti cəbhə zonasında yerləşir. Belə hallar tez-tez olur. Amma bu dəfə iki saat dayanmadan atəşə tutdular".
Nadir Balakişiyev atəş zamanı yük avtomobilinin ön şüşəsinin qırıldığını bildirib: "Axşam işimizi qurtaran zaman maşını atəşə tutdular, ön şüşəsini qırdılar. İki saat bizi dayanmadan gülləbaran etdilər".
5 nəfərlik işçi briqadası həyatlarını xilas edərək ərazini tərk edə bilib. Lakin texnikanı ərazidən çıxarmaq mümkün olmayıb. Atışma iki saat davam edib. Ərazidə baş verənləri müşahidə edən kənd sakinləri atəş altında qalan işçilərin köməyinə gəliblər.
Titr: Vidadi Hüseyinov kənd sakini
"Nasos yanmışdı. Aqreqat işləyə-işləyə ermənilər atəşə tutdu. Amma uşaqlar dayanmadı. Ta gördülər ki, atəş dayanmadı, işlərini dayandırdılar".
Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin sözlərinə görə, uzun illərdir idarənin əməkdaşları cəbhə xətti boyunca yerləşən bütün quyularda təmir işlərini gecə saatlarında aparır. Səbəb düşmənin açıq-aydın müşahidə etdiyi ərazilərdə çalışmağın qeyri-mümkünlüyüdür. 3 min hektardan çox əkin sahəsi 25 ildir bu cür çətinliklərlə becərilir. Ermənilər dəfələrlə təsərrüfatda çalışan kəndlilərlə yanaşı, texnikaları və işçi briqadasını atəşə tutublar: "Cəbhə bölgəsində olan su quyularının 457 ədədi cəbhə bölgəsində yerləşir. Çətinliklə əsasən gecə saatlarında təmir edirik. Bütün bunlara baxmayaraq, nə vaxt quyular nasaz vəziyyətə düşsə, biz gəlib təmir edib kənd sakinlərinin ixtiyarına verəcəyik".
Çəkiliş zamanı işğal altında olan ərazilərdə güclü partlayış səsləri eşidilməyə başladı. Məlum oldu ki, Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Uzundərə adlanan ərazidə iri miqyaslı hərbi təlimlərə başlayıb. Bu anı fürsət bilən Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları gülləbaran edilən texnikanı təhlükəli ərazidən çıxara bildi.