Səhiyyə Nazirliyi dərman firmaları ilə əlbir olan həkimləri cəzalandıracaq

Səhiyyə Nazirliyi tərəfindən aptek təşkilatları ilə bağlı yeni sənəd qəbul edilib.

 

APA TV-nin məlumatına görə, yeni sənəd dərman vasitələrinin buraxılması da daxil olmaqla yeni qaydalar müəyyən edir.

 

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib ki, sənəd “Dərman vasitələri haqqında qanun”a əsasən hazırlanıb: “Sənəd Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Əczaçılıq Federasiyasının tövsiyələri nəzərə alınaraq hazırlanıb. Yeni sənəd apteklərdə quraşdırılan avadanlıqlar, hətta əczaçılara, eləcə də dərmanların saxlanmasına dair tələbləri müəyyən edir, eyni zamanda steril dərmanlar üçün xüsusi otağın ayrılmasını tələb edir. Apteklərdə hansı dərman vasitələrinin satılması ilə bağlı dəqiqləşdirmələr bitib”.

 

İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilib. Reseptsiz buraxılan dərman üçün 250 AZN cərimə nəzərdə tutulub. Dərman vasitələrini dövlət tərəfindən müəyyən edilmiş qiymətdən baha satan, qeydiyyatsız, habelə keyfiyyətsiz preparatların satışı ilə məşğul olan şəxslər inzibati, bəzən isə cinayət məsuliyyətinə cəlb oluna bilər.

 

Reseptlərə qida əlavəsi sayılan bioloji aktiv maddələri yazan həkimlər də inzibati qaydada cərimələnəcəklər.   

 

Elxan Əzizov bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan sahibkarlarla əlbirliyi edən həkimlərlə bağlı da açıqlama verib: “Bu, sırf hüquq-mühafizə orqanının gördüyü tədbir olduğuna görə təəssüf ki, sizə məlumat verə bilmərik. Bu cür hallar kütləvi olmayıb. Amma bu kimi halla rastlaşanda xəbərdarlıq tədbiri görmüşük. Təəssüf ki, bəzi sahibkarlar xəbərdarlıqdan nəticə çıxarmayanda sanksiyalara əl atılır. İstintaq orqanı cinayət tərkibi müəyyən etməsə, biz intizam qaydasında məsuliyyətinə baxacağıq. Barələrində işdən azad olmaya qədər tədbir görülə bilər”.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli