Azərbaycanda energetik içki şirkətini şantaj edənlər tutuldu
Azərbaycanda məşhur şirkətlərdən birini şantaj edən şəxslər tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin məhsulları barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacaqları və həmin biznes strukturlarını ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib. Həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50 000 ABŞ dolları tələb ediblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10 000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir.