İlkər Başbuğ Bakıya gəldi: “Türkiyəni də, Azərbaycanı da dövlət olaraq Oğuz türkləri yaradıb”

“Azərbaycan Türkiyə iki qardaş dövlətdir. Çünki köklərimiz eynidir. İki dövlətin qurucu xalqı Oğuz türküdür. Bəlkə boylarımız fərqlidir, amma Oğuz türküyük. Mən də xüsusi ilə bu günə uyğun olsun deyə mavi köynək, mavi qalstuk geymişəm”.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ Xəzər Universitetinin Dünya Məktəbində söylədiyi mühazirədə deyib.

 

Başbuğ çıxışında mavi rəngin türklük rəmzi olduğunu xatırladıb: “Mavi rəng çox önəmlidir. Zatən sizin bayrağınızdakı əsas, üstdəki mavi rəng də türklüyü bildirir. Cənab Heydər Əliyevin dediyi kimi həqiqətən Azərbaycan - Türkiyə bir millət, iki dövlətdir. Heydər Əliyevin xatirəsini də hörmətlə yad edirəm. Doğrudan Azərbaycanın bugünkü inkişafa nail olmasından onun böyük rolu var. Bu səbəbdən bir Türkiyə vətəndaşı olaraq onun ruhuna dua oxuyuram”.

 

İlkər Başbuğ tarixin öyrənməyin vacib olduğunu deyib: “Tarix çox önəmlidir. Tarix bilgisi önəmlidir. Xüsusi ilə dövlət adamı üçün tarixi biliklərin çox əhəmiyyəti var. Dövlət adamları daha uzun müddətli hədəflər seçir. Siyasət adamları isə daha qısamüddətli hədəflərə köklənirlər. Siyasətçilərdə hədəf seçkilərdə qalib gəlməkdir. Bu, bütün dünyada belədir”.

 

Ordu generalı Osmanlı dövlətinin ən çətin günlərini yaşasa da, Azərbaycana kömək etmək üçün hərbi qüvvə göndərdiyini xatırladıb: “Təsəvvür edin, 1918-ci ildir. Osmanlı imperiyası üçün Fələstin cəbhəsi var, İraq cəbhəsi var, Boğazlar uğrunda müharibə aparır. İstanbul işğal ediləcək, donanmalar gələcək. Osmanlı imperiyası tarixinin ən çətin dövrünü yaşasa da, Azərbaycan Xalq Cümhuriyyətinin "Gəl, bizə kömək et" tələbinə müsbət cavab verir. Bu, çox önəmlidir. Qafqaz İslam Ordusu yaradılır, təxminən 10 mindən çox şəxsi heyəti olan hərbi qüvvə təşkil olunur. Bu qüvvə 15 sentyabr 1918-ci ildə Bakıya daxil olur”.

 

İlkər Başbuğ Türkiyə və türk tarixində Mustafa Kamal Atatürkün əvəzedilməz rolu və yerinin olduğunu bildirib: “O zamankı Türkiyə düşmənlərinin hesablaya bilmədikləri bir hadisə var. O hadisə Mustafa Kamal Atatürkün tarix səhnəsinə çıxmasıdır. 30 oktyabr 1918-ci ildə Mudros sülh müqaviləsi imzalananda Atatürk müqavilənin bir çox maddələrinə etiraz edib. Amma İstanbul çox çarəsizdir. Atatürk İstanbula qayıdanda Heydərpaşada enər, Dolmabaxça sarayından 53 ingilis, fransız döyüş gəmisini görür. Deyir ki, "Gəldikləri kimi, gedəcəklər!". Bu da Atatürkün necə qərarlı insan olduğunu göstərir. Mustafa Kamal Atatürkün əsas xarakteri qərarlılıq olub, onun baxışlarında ümidsizliyə heç yer yoxdur. Ən çətin şərtlərdə belə ümidsizliyə düşmək olmaz. Atatürkün çox gözəl sözü vardır. "Həyat mübarizədir! Mübarizəsiz bir şey ola bilməz!”

 

İlkər Başbuğ gənclərə öz tövsiyələrini verib: “Bu tövsiyələrimi xüsusi ilə dinləyin. Əgər bir şey sizə rahatlıqla verilibsə, bunun uğrunda mübarizə aparılıb. Mübarizə ilə əldə edilən çox şeylərin dəyərini gənclər anlamırlar. Bu vəziyyətə necə gəldik, bunun üçün nə qədər fədakarlıqlar olub. Bu faktları xüsusilə gənc nəsillərə, o hadisələri görməmiş, yaşamamış insanlara anlatmaq lazımdır. Bu Türkiyə üçün də vacibdir, Azərbaycan üçün də vacibdir, Kipr üçün də vacibdir”.

Müəllif | Apa.Tv
Elvin Bayramlı