Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyəcəkmi? - EKSPERT RƏYİ

Ermənistanda son dövrlərdə səngimək bilməyən daxili çəkişmələr, regiondakı bir çox dövlətlərlə münasibətlərinə təsir edir. Hakimiyyət çəkişməsi və xalqın etirazları ölkənin xarici siyasətinə təsirsiz ötüşmür. Türkiyə ilə diplomatik böhran yaşayan Ermənistan, hakimiyyət dəyişikliyi baş verərsə, bu münasibətləri normallaşdırmağa çalışacaqmı?

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyir ki, Qərb dövlətləri ilə yaxınlaşmaq istəyirsə, Ermənistanın Türkiyəyə çox böyük ehtiyacı olacaq: "Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyəcəksə, ilk növbədə Paşinyan Qarabağ məsələsində güzəştlərə getməlidir. Bunun üçün Paşinyan Azərbaycanla əlaqələri qaydaya salmalı və “Qarabağ klanı”na qarşı çıxmalıdır. Bu məqsədlə o çıxışlarında Qarabağ məsələsi ilə bağlı daha yumşaq tezislər səsləndirə, nəticədə Azərbaycanla danışıqları daha mülayim kontekstdə apara bilər".

 

Ekspertin fikrincə, Ermənistan Türkiyə ilə münasibətləri qaydaya salmaq istəyirsə, qondarma “erməni soyqrımı" məsələsində güzəştə getməlidir. Lakin buna cəhd etmək Paşinyan üçün daha ağır nəticələrə səbəb olar: "Qondarma “erməni soyqırımı” məsələsində Paşinyanın güzəştə getməsi Qarabağ məsələsi ilə müqayisədə daha ağır nəticələr verə bilər. Çünki Paşinyanın dəstəklədiyi kütlələr və əsasən də erməni diasporu bu cəhdlərə kəskin etiraz edəcəklər. Bununla da Paşinyan elektoratının çox böyük hissəsini itirmiş olacaq. Dolayı yolla "soyqırım" məsələsində güzəştə getmək Paşinyan üçün daha böyük risklər yarada bilər".

 

Nazim Cəfərsoy həmçinin qeyd edib ki, Nikol Paşinyanın son dövrlərdə Rusiya ilə yaxınlaşmaqda çox maraqlı olduğu görünür. Bu baxımdan Ermənistanın Qarabağ məsələsində güzəştə getməsi daha çox Rusiyadan asılıdır.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı