Təhsil naziri Tovuz məktəblisini planşetlə mükafatlandırdı - İNSANLIQ DƏRSİ

Tovuzlu məktəblinin nümunəvi hərəkəti bir neçə gündür sosial şəbəkələrdə və ölkədə böyük marağa səbəb olub.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun Əyyublu kəndində yaşayan 8-ci sinif şagirdi İdris Abbasov yolla gedərkən tapdığı pul qabını yaxınlıqdakı mağazanı işlədən şəxsə təqdim edib ki, sahibini tapıb ona versin.

 

Yeniyetmənin bu hərəkətini bəyənən sahibkar ona mükafat qismində pul təklif etsə də, məktəbli onu qəbul etməyib. Pul qabının içində isə nə az, nə çox - 2 min manata qədər pul olub.

 

Bu hadisənin sorağı Təhsil Nazirliyinə də çatıb və Azərbaycanın yeni təhsil naziri Ceyhun Bayramov İdrisi mükafatlandırıb. Əyyublu kənd tam orta məktəbində təşkil olunan tədbirdə  Təhsil Nazirliyinin nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi İdrisin bu hərəkətini alqışlayıb, təhsil nazirinin şəxsən ona ünvanladığı təşəkkürnaməni, kitabları və planşeti təqdim ediblər.

 

Çıxış edənlər bütün uşaqları İdris kimi dürüst və xeyirxah olmağa çağırıb, onun valideynlərinə və müəllimlərinə təşəkkür ediblər.

Müəllif | Apa.Tv
Azər Məmmədli