Narkoloji Mərkəzin direktoru həbs edildi - YANĞINA GÖRƏ

Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs həbs edilib.

 

APA TV-nin xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

T.Məmmədhəsənov da daxil olmaqla, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 6:00 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

 

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib. Məhəmməd Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv