İlkər Başbuğ Şəhidlər Xiyabanı və Türk Şəhidliyində
Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ bu gün Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
APA TV-nin məlumatına görə, İlkər Başbuğ əvvəlcə “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub, şəhidlərin ruhunu ehtiramla yad edib.
Daha sonra Türk Şəhidliyinə gələn ordu generalı burada ucaldılmış kompleksi ziyarət edib. İlkər Başbuğa Türk Şəhidliyinin salınma tarixi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, sabiq Baş Qərargah rəisi Azərbaycana dünən gəlib. O, Xəzər Universitetinin Dünya məktəbində Türkiyə-Azərbaycan münasibətləri, dünyada və regionda gedən proseslərə həsr olunmuş məruzə ilə çıxış edib.