196 min turist Azərbaycandakı milli parklara səfər edib

"Ölkəmizdə qorunan ərazilərin sahəsi 892 500 hektardan artıqdır".

 

APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə nazirlikdə keçirilən mətbuat konfransında deyib.

 

"Ölkənin 10,3 faizi mühafizə altındadır və bu ərazilərin 3,2 faizi milli parkdır. Milli parkda həm təbiəti mühafizə komponenti var, eyni zamanda da turistlər üçün açıq ərazilərdir. Azərbaycanın milli parkları ekoturizm üçün böyük bir xammaldır" - deyə o qeyd edib.

 

Nazirlik rəsmisi bildirib ki, son dövrlərdə 196 min turist Azərbaycandakı milli parklara səfər edib.

 

Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov isə meşə yanğınlarının qarşısını almaq üçün görülən tədbirlərdən danışıb: "Hər il 650 hektara yaxın ərazidə, nəqliyyat yollarının kənarlarından, xüsusilə yanğın təhlükəli ərazilərin qorunması üçün eni təxminən 3 metrə minerallaşmış zolaqlar çəkirik. Ölkəmiz meşə yanğınlarından ən az əziyyət çəkən ölkədir. Çünki meşələrimizin bitki tərkibi bunu təmin edir".

 

Sonda nazirlik rəsmiləri jurnalistlərin suallarını cavablandırıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov