Qüdrət Həsənquliyev: "Deputatlara 8 min manat maaş verilsin!"

Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nшn məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib. Gündəliyə 23 məsələ daxil olunub.

 

İclasda əvvəlcə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihəyə görə, deputatların, Ombudsmanın və hakimlərin əmək haqları 10 faiz artırılır.

 

Deputat Qüdrət Həsənquluyev əmək haqlarının 10 faiz artımına etiraz edib. O bildirib ki, bu artım olduqca azdır və ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

 

Milli Məclisin sədri Oqtay Əsədov isə bu yanaşmanın yanlış olduğunu qeyd edib.

 

Dəyişikliyə əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

 

Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

 

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişikliklər də müzakirələrə səbəb olub.

 

Deputat Elmira Axundova bildirib ki, sosial reklam məsələsi bir mühüm problem kimi efir məkanında qalmaqdadır. 

 

Deputatı Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxış edib.

 

Deputat Aqil Abbas isə telekanalları ara həkimlərinin reklamına görə ittiham edib: “Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyanı açan kimi görürsən reklam edirlər, İrandan, Türkiyədən filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır”.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında televiziyalardakı yüksək səsli reklamların verilməsinə etiraz edib.

 

Digər qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı