Nazir İnam Kərimov Qaxda fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin yerli qurumları, özəl istehsalçılar və fermerlərlə görüş məqsədilə Qax rayonunda olub.

 

APA TV-nin məlumatına görə, İnam Kərimov və nazirliyin müvafiq idarələrinin əməkdaşları işgüzar səfər çərçivəsində öncə tütün sahələri ilə tanış olub.

 

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonun aqrar sektorunda tütünçülük, baramaçılıq və fındıqçılığın prioritet sahələrdən birini təşkil etdiyini, son illər bu istiqamətdə əsaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirib.

 

Kənd təsərrüfatı naziri tütünçülərlə söhbəti edib, onların iş şəraiti və sosial qayğıları ilə maraqlanıb.

 

Daha sonra İnam Kərimov Çindən gətirilən və Damazlıq İpəkçilik stansiyasının bağlarında əkilən tut tinglərinin vəziyyəti ilə maraqlanıb. Diqqətə çatdırılıb ki, bu tinglər məhsuldarlığı ilə seçilir. Ötən il əkilən bu tinglər artıq bara girib və hazırda stansiyada yetişdirilən ipək qurdlarının yemlənməsi bu bağlar vasitəsilə həyata keçirilir.

 

Daha sonra nazir Qax rayonunda kümçülərə ipək qurdlarının paylanması prosesində iştirak edib. O qeyd edib ki, 2025-ci ilə qədər Azərbaycanda barama istehsalının 6000 tona çatdırılması nəzərdə tutulur: “Kənd təsərrüfatı idarələri bu işləri kümçüləri gözləmədən, onların qapısına gedərək qurdları onlara çatdırmalıdır. Digər əsas qayğımız da tezliklə bütün sahələrdə, o cümlədən ipəkçilik sahəsində fermerlərə, kümçülərə treninqlərin keçirilməsini təmin etməkdir”.

 

Daha sonra nazir Qax Damazlıq İpəkçilik Stansiyasının tikinti prosesi ilə də maraqlanıb. Diqqətə çatdırılıb ki, iki əsas korpusun tikintisi başa çatıb və hazırda daxili bəzək işləri görülür. Növbəti mərhələdə isə stansiyanın həyətinin abadlaşdırılmasına başlanacaq. Stansiyanın yaxın aylarda tam istifadəyə verilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv