21 yaşlı gəncdən 6 kq-dan çox tiryək tapıldı
Astarada 21 yaşlı gəncdən 6 kiloqramdan çox narkotik vasitə aşkar edilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 21 yaşlı Lənkəran sakini Elman Sadıxzadənin üzərindən 6 bükümdə ümumi çəkisi 6 kiloqram 215 qram olan tiryək aşkarlanaraq götürülüb.
O, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş narkotik vasitəni əvvəlcədən gizlədilmiş yerdən - Astara şəhəri ərazisindəki zibil qutularının birindən götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Astara RPŞ-nin baş müstəntiqi Bəhruz Qulamovun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, Elman Sadıxzadə həmin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran vətəndaşı Fərəməz adlı şəxsdən qaçaqmalçılıq yolu ilə əldə edib. Elman Sadıxzadə şübhəli şəxs qismində tutularaq barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.