Şabranda Kür-Araz mədəniyyətinə aid nadir tikili qalığı tapılıb
Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil olan Çaqqallıqtəpə I yaşayış yerində bu il aparılan qazıntılar zamanı maraqlı arxeoloji məlumatlar əldə olunub.
Bu barədə APA TV-nin yerli bürosuna Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Şabran arxeoloji ekspedisiyasının üzvü Sevinc Hüseynova məlumat verib.
O bildirib ki, arxeoloji qazıntılar bir aydır davam edir və qazıntılar nəticəsində dairəvi formalı, Kür-Araz dövrünə aid tikili qalığı tapılıb: "4 düzümdən ibarət kərpiclər üst-üstə qalıb. Bu cür evin qalması həmin dövr üçün çox nadir tapıntıdır. Eyni zamanda Kür-Araz dövrü üçün xarakterik olan manqal da aşkarlanıb. Digər Kür-Araz abidlərində də xarakterikdir".
O, həmçinin ərazidən mərmərdən düzəldilən muncuq formalı əsa başı, Asiya abidələri üçün xarakterik olan 3 qulpdan ibarət saxsı qab, sümükdən və absidyandan ox ucluqları, əmək alətləri, sapand daşları, sürtgəclər tapıldığını deyib.
Qeyd edək ki, Çaqqallıqtəpə abidələr kompleksi ilk tunc dövrünə aiddir.