İlkər Başbuğ Bakıda bəyan etdi: "Türk olduğunuz üçün iftixar edin!"
"Çinlilərə bizim də, sizin də təşəkkür borcumuz var. Çinlilər olmasaydı biz tariximizi bilməzdik. Türk tarixi ilə bağlı qeydləri, yazıları çinlilər yaxşı bilir. Onlar yazıb. Biz millət olaraq çox danışan, az yazan insanlarıq. Türk tarixində sənədlərə əl uzadanda ilk qaynaq çinlilərdir. Çinlilər olmasaydı biz tariximizin dərinliklərini bilməyəcəkdik".
APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ Bakıda söylədiyi mühazirədə deyib.
O, Türkiyədə terrora qarşı 1990-cı illərdə aparılan mübarizədən danışıb: "Bir insanın təhlükədə olması üçün hərbçi olması lazım deyil. Allahın alına yazdığı yazıdır, heç nəyi bilmək olmaz. Hər birimiz hər an təhlükə yaşaya bilərik. 1993-1995-ci illər arasında general-mayor rütbəsi ilə jandarma asayiş müdir köməkçisi vəzifəsində çalışdım. Bu illəri biləniniz varsa xatırlayacaq. Türkiyənin terrora qarşı mübarizə illərinin zirvəsidir. Əslində 1994-cü ildə terror təşkilatının beli qırılmışdı. O dövrdə bəzi yaşantılarımız oldu".
İlkər Başbuğ türk xalqlarının oxşar cəhətlərini analiz edib: "Mən qorxmuram deyənlər, yalan danışır. Bütün insanlar qorxar. Qorxu insani duyğudur. Ancaq xüsusi ilə türklərin ortaq bir cəhəti var. Bu atalarımızdan gəlib. Türk - güclü döyüşçü deməkdir. Bizim millət olaraq bir xarakterimiz, quruluşumuz var. Başının üstündən mərmi getməyən, mərminin səsini eşitməyən qorxar. O zamana kimi ki, ilk mərmi keçsin. İlk mərmi başınızın üstündən keçdikdən sonra bütün dünyanı unudursunuz. Heç bir şey gözünüzə görünməz. Artıq bundan sonra ölmüsünüz, qalmısınız fərq etməz. Türk millətinin özəlliyidir bu. İnsanların ölümə qərarlılıqla getdiklərini gördük, yaşadıq. Türkün cəsarəti, qərarlılığı..."
Çanaqqala savaşı zamanı Mustafa Kamal Atatürkün komandanlıq xüsusiyyətlərinə toxunan general, bu zəfərin möhtəşəm bir hadisə olduğunu vurğulayıb: "Çanaqqala müharibəsini xatırlayın. Mustafa Kamal Atatürk hərbçilərə sizə hücumu deyil, ölümü əmr edirəm deyir. 57-ci alay gedir və bütünlükdə şəhid olur. Bunu başqa millətdə gör bilməzsiniz, bu millət türk millətidir. Ona görə bu millətin övladı olduğunuz üçün hamınız qürur duyun, iftixar edin".