APA TV atıcılıq turnirində 3-cü yerin sahibi oldu
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, KİV nümayəndələri arasında V atıcılıq turnirini keçirib.
Vətəndaşların hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi işində KİV-in rolunun artırılması məqsədilə keçirilən turnirdə hər birində 3 nəfər olmaqla 14 komanda iştirak edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev açılış nitqi ilə çıxış edib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra turnirə start verilib. İki mərhələdə keçirilən yarışda APA TV-nin komandası ümumilikdə 119 xalla 3-cü yerin sahibi olub.
"AzərTac" xəbər agentliyinin komandası 143 xalla 1-ci, "Səs" informasiya agentliyinin təmsilçiləri 129 xalla ikinci yerdə qərarlaşıblar.