Maliyyə eksperti: "Rəqəmsal platformaya keçə bilməyən banklar mövqeyini itirəcək"

"Post-neft dövründə sahibkarlar üçün ən vacib məsələ iqtisadi artımın hansı templə cərəyan edəcəyidir".

 

APA TV-nin məlumatına görə, bunu paytaxtda keçirilən II Maliyyə və İnvestisiya Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

 

O, xüsusilə də post-neft dövründə qeyri-neft sektoru üzrə ixracın artmasında özəl sektorun roluna toxunub: "Özəl sektor qeyri-neft ixracının artmasına dəstək verir, digər tərəfdən isə yeni iş yerlərinin yaradılması və regionların inkişafı nöqteyi-nəzərindən də özəl sektorun rolu çox böyükdür. Özəl sektor və dövlət nümayəndələrinin qarşılıqlı fikir mübadiləsi islahatların daha da dərinləşməsi baxımından vacibdir".

 

V. Qasımlı vurğulayıb ki, iqtisadi inkişafı təmin edən daha bir amil islahatların aparılmasıdır ki, 2016-cı ildə ölkədə bununla bağlı yol xəritəsi qəbul olunub.

 

"Baker Tilly Azerbaijan" şirkətinin biznes-konsaltinq üzrə direktoru Niyazi Abbasov çıxış edərək, informasiya texnologiyaları inkişafının iqtisadiyyata gətirdiyi yeniliklərdən danışıb. N. Abbasov forumla bağlı gözləntilərini jurnalistlərlə bölüşüb: "Bildiyiniz kimi, son illər informasiya texnologiyalarının inkişafı geniş vüsət alıb, "Blockchain" və süni intellektin iqtisadiyyata, maliyyə və investisiya dünyasına tətbiqi genişlənib. Biz bu mövzular ətrafında danışmaq üçün Azərbaycanın öndə gedən holdinq, bank, sığorta və investisiya, konsaltinq şirkətlərinin nümayəndələrini dəvət eləmişik".

 

"Société Générale" bankının baş maliyyə direktoru Efe Ezer isə qarşıdakı 10 il ərzində rəqəmsal platformaya keçid edə bilməyən bankların maliyyə bazarındakı mövqeyini itirəcəyini iddia edib.

 

SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan isə ölkəmizdə maliyyə bazarlarının inkişafının vətəndaşlara maliyyə tələbatının ödənilməsi üçün verdiyi imkanlardan danışıb.

O bildirib ki, SOCAR istiqrazlarının bazardakı payı 96 faizə çatıb, bu qiymətli kağızlar üzrə təkrar bazar əməliyyatlarının həcmi isə 140 milyon manatı ötüb.

 

"7 Marketz Group"un rəhbəri Yaqub Rəhimov isə kriptovalyutalar barəsində təqdimat edib. O deyib ki, hələ "Bitcoin" barədə heç kimin eşitmədiyi 2009-cu ildə "7 Marketz Group" (Seven Marketz Qrup) adlı şirkət təsis edib və hazırda bu şirkət 18 ölkədə 17 brendə sahibdir.

 

Forumun ilk paneli interaktiv şəraitdə davam edib.

 

Müəllif | Apa.Tv
Apa.tv