Akademik Rəfiqə Əliyevanın məzarı üstündə abidəsi ucaldılıb
Görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi tədqiqat laboratoriyasının yaradıcısı, əməkdar elm xadimi, "Şöhrət" ordenli akademik Rəfiqə Əliyevanın vəfatının ildönümü münasibətilə I Fəxri Xiyabanda qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.
Millət vəkili Elmira Axundova Rəfiqə Əliyevanın qardaşı, mərhum prezident Heydər Əliyevin həyatının çətin zamanlarında daima ona dəstək olduğunu söyləyib.
Rəfiqə Əliyevanın qızı Fəxriyyə Xələfova bildirib ki, abidə kompleksi əsl memarlıq nümunəsidir: "Bura gələnlər onun haqqında həm dəyərli fikirlərini səsləndirdilər. Təbii ki, biz övladlar da hər zaman Rəfiqə xanımı ən nəcib ən xoş xatirələrlə yad edirik".
Abidə kompleksinin müəllifi Natiq Əliyev bildirib ki, ən sərt qranitdən hazırlanıb: "Gördüyünüz bu abidə qranitdən hazırlanıb. Ukrayna qranitidir. Sərtliyinə baxmayaraq mən haradasa riskə də getdim".
Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, 2017-ci il mayın 6-da 85 yaşında vəfat edib.