Xəzərdə yelkənli qayıq şousu - YARIŞDAN GÖRÜNTÜLƏR
"Hazırda Milli Parkda yelkənli qayıq yarışlarının keçirilməsi ilə əlaqədar tədbirə strat verilib. 31 yelkənçi reqatada 4 sinif üzrə yarışacaq".
Milli Parkda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2018") keçirilir.
Ümumilikdə 31 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif ("Optimist", "Laser-standard", "Laser 4.7", "Laser-radial") üzrə yarışır.
Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 160 illik yubileyini qeyd etməyə hazırlaşır və yubiley çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Keçirilən yarış çərçivəsində Dənizkənarı Milli Parklarda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar keçirilib. Bundan başqa, açıq havada sərgi təşkil edilib. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olub. Sərgi əcnəbi turistlərin də diqqətini cəlb edib.
Həmçinin, yarış boyunca sahildə qayıqların nümayişi də baş tutub. Bir sözlə, Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2018") Dənizkənarı Milli Parka əsl festival ab-havası gətirib. Əylənmək, istirahət etmək və foto çəkdirmək üçün əsl fürsətə çevirilib.
Yarış çərçivəsində müxtəlif təyinatlı gəmilərin eksponatları, dənizçi peşəsinə aid əşyalar, geyimlər, gəmidə istifadə olunan alətlər və cihazlar nümayiş etdirilir.
Qeyd edək ki, yarışın sonunda qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.