Fuad Poladov dəfn olundu
Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilib.
"Fuad Poladovu sevən hər bir şəxs, onun incəsənət dostları, sadə vətəndaşlar yaşadığı ünvana toplaşıblar. Aktyorumuz məhz bu ünvandan da son mənzilə yola salınacaq".
Xalq artisti Rasim Balayev Fuad Poladovun itkisinin onun üçün çox ağır olduğunu deyib: "Böyük sənətkarımızı itirdik. Fuad Poladov Azərbaycan teatrında, kinosunda sütun idi. Bu gün o sütunu itirdik. Bizim teatr və kino sahəsində onun ağılasığmaz zəhmətləri var. Fuad Poladov dahi şəxsiyyət kimi yetişmişdi. O sənət aləmi ilə bağlı danışan bəzi ağzıgöyçəklərin cavabını verirdi. Fuad Poladov göstərdi ki, bu sənətdə uğura nail olub, şəxsiyyətini qorumaq mümkündür".
Xalq artsiti Fəxrəddin Manafov Fuad Poladovun onun üçün hər zaman örnək olduğunu bildirib: "Çox ağır gündür. Onun kimi sənətə fədai kimi yanaşan sənətkarı fikrimə gətirə bilmirəm. Onu hamımız çox istəyirdik. Fuad Poladovun itkisi bütün Azərbaycan üçün ağırdır. Ruhu şad olsun".
"1989-cu ildən bir yerdə Rus Dram Teatrında Fuad Poladovla çalışırıq. Çox ağır itkidir. Həm yaxın dostumuzu itirmişik həm böyük sənətkarı itirmişik".
"Hər tamaşadan sonra Fuad müəllim məni arxadan tutub itələyirdi, sonuncu tamaşasında da biz Mehriban Zəki ilə planlaşdırmışdıq ki, çəkiləcəyik kənara Fuad müəllim ortada tək qalacaq. Bilirdik ki, teatrdan gedir, çox qürurlu insan idi, getmək istəmirdi, amma məcburiyyətdən gedirdi. Əlimi tutdu sıxdı, buraxmadı, istəmədi onu tək səhnədə buraxaq".
"Mən söz tapmıram, Allah rəhmət etsin, gəlin hamımız susaq, bu yerdə susmaq lazımdır".
Biz susduq, amma tamaşaçı alqışı susmadı. Səhnəmizin daha bir ulduzu söndü, o qaralan boşluğu doldurmaq isə heç də asan olmayacaq.
Qeyd edək ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.