39 yaşlı Lerik sakini öldürülərək zirzəmidə basdırılıb - HAMI ONU İTKİN BİLİB

İtkin düşmüş Lerik rayon sakininin qətlə yetirildiyi müəyyən edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Lerik rayonunun Veri kənd sakini, 39 yaşlı Babayev Mirisaq Yədulla oğlunu sonuncu dəfə martın 16-da Lənkəranda yerləşən restoranların birində yaxın qohumlarının toy məclisində görüblər. Oradan çıxdıqdan sonra isə geri qayıtmayıb.

Aparılan axtarış tədbirləri nəticəsində onun öldürüldüyü məlum olub. M.Babayevin meyiti Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində aşkar edilib. Onu həmin qəsəbə sakini, 44 yaşlı Dadaşov Təbriz Əliheydər oğlu qətlə yetirərək yaşadığı evin zirzəmisində basdırıb. M.Babayevinin meyiti basdırıldığı yerdən çıxarılaraq müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən daha bir nəfər də saxlanılıb. Mərhumun qohumları hadisənin qarət məqsədi ilə törədildiyi qənaətindədir.

"Taksi aparıb naməlum istiqamətə. Məlumatımız yox idi. Polis araşdırması zamanı məlum olub ki, bu adam həmin axşamın sabahı o evə aparılıb. Bunlar əvvəlcədən tanış olmayıblar. Sadəcə toydan çıxandan sonra kafedə oturub yeyib-içiblər. Bizim məlumatımıza görə, orada tanış olublar taksi sürücüsü ilə. Təqribən üzərində 2000-ə yaxın pul olub", - deyə mərhumun qohumu Hikmət Cahangirov bildirib.

Faktla bağlı hazırda rayon Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv