Netanyahu təhdid etdi: "Suriyadakı fəaliyyətinə görə İsrail İranla hərbi münaqişəyə hazırdır"
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İranla müharibəyə hazır olduğunu bəyan edib.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, B.Netanyahu Nazirlər Kabinetinin iclasında deyib ki, "İsrail şimal sərhədində düşmən İranın hərbi mövcudluğuna yol verə bilməz".
Baş nazir rəsmi Tehranın Suriyada hərbi iştirakının güclənməsini İsrailə qarşı fəaliyyət kimi qiymətləndirib. B.Netanyahu son aylar İran İslam İnqilabını Mühafizə Korpusunun Suriyaya hücum və müdafiə silahları, o cümlədən pilotsuz təyyarələr, hava hücumundan müdafiə vasitələri və "Yer-Yer" raketləri gətirdiyini qeyd edib:
"Biz, münaqişəyə səbəb olsa belə, İranın bizə qarşı aqressiv fəaliyyətini qətiyyətlə dayandıracağıq. İsrail vəziyyəti gərginləşdirməyə çalışmır, ancaq istənilən ssenariyə hazırdır. Zamanında hərəkətə keçməyən dövlətlər sonralar öz səhvlərinə görə böyük itkilərlə üzləşirlər".