Yuşşenko: "Bir aqressor var, o da Rusiyadır"
"Helsinki Müqaviləsi imzalandıqdan bəri qorunan fundamental prinsiplər son 25 ildə ciddi şəkildə zədələnib".
APA TV-nin məlumatına görə, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko APA TV-yə eksklüziv açıqlamasında bildirib.
O deyib ki, yürüdülən təcavüzkar siyasət nəticəsində bir sıra post-sovet ölkələri ərazilərinin əhəmiyyətli hissəsindən məhrum olub.
Sabiq prezident regionda cərəyan edən münaqişələrə də toxunub: "Biz anlayırıq ki, Dağlıq Qarabağ münaqişəsindən başlamış Donbas, Krım, Dnestryanı və Gürcüstan münaqişələri daxil olmaqla bütün bu konfliktlərdə bir aqressor var, o da Rusiyadır. Biz başa düşməliyik ki, əgər Rusiyanın analoji siyasəti davam edəcəksə, bu, bizim hamımızın probleminə çevriləcək. Çünki bir ölkənin müstəqilliyinin itirilməsi hamının müstəqilliyinin itirilməsi deməkdir. Rusiyanın Ukraynada apardığı müharibə günümüzün acı reallığıdır. Hesab edirəm ki, hazırda bu faktor bizi 5 il öncəkindən daha da yaxın edib. Bu, ilk növbədə milli məsələdir. Bu faktor həm Gürcüstan, həm Moldova, həm də Azərbaycan üçün xarakterikdir. Hesab edirəm ki, Ukrayna indi öz yolu ilə gedir və inanıram ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Yuşşenko hesab edir ki, hazırda aktual olan hərbi münaqişələr dünyanın təhlükəsizlik siyasətinin düzgün qurulmadığını deməyə əsas verir.