Lənkəranda “Çay bayramı” keçirilib
Lənkəranda “Çay bayramı” keçirilib.
APA TV-nin məlumatına görə, bununla da ilin ilk məhsul yığımına start verilib. Hazırda rayonda 2 min hektar çay plantasiyasında yığım aparılır.
Rayonun ən çox məhsul tədarük olunduğu İstisu qəsəbəsində yerləşən çay plantasiyasında təşkil olunan bayram şənliyində rayon rəsmiləri, ziyalılar, çayçılıqla məşğul olan fermerlər və digər qonaqlar iştirak edib. Qeyd olunub ki, vaxtilə Azərbaycanda 13 min hektara qədər çay plantasiyası olub ki, bunun da 7 min hektarı Lənkəranın payına düşüb. Hazırda isə Lənkəranda çay əkini üçün 2 min hektardan çox yararlı torpaq sahəsi var.
Bayramda rayon ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri çay nümunələrindən hazırlanmış sərgiyə baxış keçirilib: “Azərbaycan 1”, “Azərbaycan 2” və “Kolxida” sortu əkilib burda. 70 hektar çay əkilib. 70 hektardan 40 hektarı hazırda məhsuldardır. Hazırda buket çay yığımıdır, sonra isə o biri növ yığımlar olacaq”.
Çay kolunun məhsul verməsi üçün 8-9 ilə qədər vaxt tələb olunur. Mütəxəssislər bildirirlər ki, çay plantasiyalarına düzgün aqrotexniki qulluq göstərilsə və hava əlverişli keçsə, oktyabr-noyabr aylarına qədər məhsul almaq mümkündür. Çay təsərrüfatının rəhbəri Araz Yaqubov deyir ki, keyfiyyətli çay əldə etmək üçün emal prosesi də günün tələblərinə uyğun həyata keçirilməlidir: “Bu il 5 tondan yuxarı məhsul gözləyirik. Çay bizdə intensiv yığılacaq. Yəni əvvəlki dövrdə ayda bir dəfə olmaqla, mövsüm ərzində 3-4 dəfə məhsul yığılırdı. Amma gördüyünüz kimi, bizdə çay plantasiyalarında fərqlidir. Şri-Lankada, Hindistanda olduğu kimi, plantasiyanın bir tərəfindən məhsul yığılır, digər tərəfində isə becərmə aparılır”.
Bildirib ki, ilk yığımdan sonra suvarma və digər aqrotexniki qulluqları düzgün yerinə yetirilsə, 20-25 gündən sonra 2-ci məhsul yığımına başlamaq olar.