İnam Kərimov ilk səfərini Türkiyəyə edəcək

Azərbaycanın yeni kənd təsərrüfatı naziri İnam Kərimov ilk səfərini Türkiyəyə etməyi planlaşdırır. Çünki Türkiyə kənd təsərrüfatı sektoru üzrə böyük inkişafa nail olub.

 

APA TV-nin xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün Bakıda keçirilən "Daxili Anadolu bölgəsinin toxumçuluq sektorunun inkişaf etdirilməsi layihəsi" çərçivəsində xarici marketinq fəaliyyəti ilə əlaqədar keçirilən konfransda deyib.

 

O vurğulayıb ki, toxumçuluq Azərbaycan üçün çox mühüm, prioritet sahələrdəndir və Türkiyə təcrübəsinin öyrənilməsi qarşımızda duran əsas məqsədlərdən biridir: "Məlumdur ki, Azərbaycanın toxuma olan tələbatı daxili istehsal hesabına ödənilmir. Ötən il Türkiyədən 6351 müxtəlif bitki toxumu, 2018-ci ildə isə 16308 ton bitki toxumu idxal olunub. Bu, Türkiyə ilə Azərbaycan arasında toxumçuluq sahəsində əlaqələrin dinamik inkişaf etdiyini göstərir".

 

Nazir müavini qeyd edib ki, pambıqçılıq sahəsində toxumçuluq aşağı səviyyədədir və səpin üçün toxumların hamısı Türkiyədən gətirilir. Hazırda pambıq toxumunun istehsalı üçün nazirlik tərəfindən ciddi tədbirlər həyata keçirilir: "Hazırda Ucar rayonunda pambıq toxumu zavodu tikilir, bu il o zavodun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Bu sahəni genişləndirərək, istər pambıqçılıq, istər yemçilik, istərsə də taxılçılıq sahəsində öz daxili imkanlarımız hesabına toxumla təminatı artıracağıq".

 

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd iki ölkənin toxumçuluq sektoru arasındakı əməkdaşlığın inkişafına töhfə verməkdir. Tədbirdə Türkiyənin Anadolu bölgəsindən gələn 40 şirkət nümayəndəsi, Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin baş katibi, naziri və mütəxəssisləri, Türkiyə Toxumçular Birliyinin rəhbəri, müavini və İdarə Heyətinin üzvləri iştirak edir.

 

 Konfrans mayın 9-a kimi davam edəcək.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova