Putinin andiçmə mərasimi keçirilib
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, Böyük Kreml Sarayında keçirilən mərasimdə 5 min qonaq iştirak edib.
Tribunada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin yer alıblar.
Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin dövlət başçısı seçilmiş V.Putindən and içməsini xahiş edib. Putin sağ əlini Konstitusiyaya qoyaraq and içib.
Sonra Konstitusiya Məhkəməsinin sədri Putinin prezident vəzifəsində fəaliyyətə başladığını elan edərək, hakimiyyət simvollarını ona təqdim edib. Rusiya himni səsləndikdən sonra dövlət başçısı vətəndaşlara müraciət edib.
Qeyd edək ki, Rusiya prezidentinin andiçmə mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.