Uşaq bağçalarında DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. APA TV-nin xəbərinə görə, Nizami, Səbail, Binəqədi rayonlarında yerləşən uşaq bağçalarında aparılan araşdırmalar nəticəsində yeməklərin texnoloji normalar və resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlandığı aşkarlanıb. Xətai rayonunda 55 saylı körpələr evi-uşaq bağçasında aparılan araşdırma nəticəsində məlum olub ki, müəssisənin anbarında və soyuducularda ərzaq məhsulları mal qonşuluğu qaydalarına və temperatur rejiminə düzgün əməl olunmadan saxlanılır, o cümlədən anbarda bir neçə gəmiricilərin yuvasının olduğu, markalanma nişanı olmayan un kisəsinin içərisində unun zərərvericilərə yoluxması, kiçik mətbəxdə vaxtı keçmiş süd məhsulunun olduğu aşkar edilib. Bundan başqa, müəssisənin tibb işçisinin verilən yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarını hesablamadığı, yeməklərdən nümunə götürülmədən uşaqlara verildiyi müşahidə edilib. Müəssisədə aşkarlanan yararsız halda olan məhsullar aktlaşdırılıb. Müəssisə rəhbərlərinə tələbnamə və iradnamə verilib.
Bundan başqa, qurum təhsil müəssisələrini ərzaqla təmin edən “Bərəkət-77” MMC-yə məxsus bazalarda dövlət nəzarəti tədbirləri həyata keçirib. Araşdırmalar zamanı müəssisədə standartların tələblərinin kobud şəkildə pozulması aşkarlanıb. Anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanılır, o cümlədən məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil. Bağçalara göndərilən pendirdə isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkarlanıb.
Bu və digər nöqsanlarla bağlı müvafiq akt tərtib olunub və 20 adda məhsulun satışı və istehsalı qadağan edilib.