Buzlu yollarda "təkərə düşməmək" üçün - USTA MƏSLƏHƏTİ
Qışda avtomobillərdə qış təkərlərindən istifadə etmək vacibdir. Bu, təhlükəsizlik üçün əsas şərtdir. Yayda isə daha yüngül yay təkərləri taxılmalıdır.
Mütəxəsislər qış aylarında avtomabillərin təhlükəsizliyini təmin etmək məqsədi ilə hər bir sürücüyə qalın rezin təkərlərdən istifadə etməyi məsləhət görürlər. Çünki havaların qarlı - buzlu keçməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, avtomobillərə də ciddi ziyan vurur. Daha çox təkər və əyləc sistemi hissələri sıradan çıxır. Elə bu səbəbdəndir ki, ötən bir həftə ərzində avtomobil təmiri sexlərinə gələn nasaz maşınların sayı nəzərəçarpacaq dərəcədə artıb. Usta deyir ki, qarlı havalarda xüsusi təkərlərdən istifadə etmək vacibdir: "Yalnız qar yağanda, xüsusilə müəyyən səviyyədə qar olanda mıxlı təkərlərdən istifadə etmək lazımdır. Adi havalarda məsləhət deyil".
Mütəxəsislərlə söhbət zamanı o da məlum olur ki, son illər qarlı havalarda daha çox istifadə olunan təkərlərə zəncir bağlanmaq halları indi yerini xarici ölkələrdən gətirilən yeni təkərlərə verib. Bunun isə öz səbəbləri var: "Zənciri təkərə yalnız qar yağan hallarda vurmaq lazımdır ki, qar yerdə qalın olsun, maşının təkəri sürüşməsin. Amma az qar olanda zəncir tez qırılır. Bu isə artıq məsrəfdir".
Qarlı-buzlu havada enişli-yoxuşlu yollarda min bir əziyyətlə avtomobili idarə edən sürücülərsə, havaların yağmurlu keçməsindən heç də məmnun deyillər. Sürücülər APA TV-yə deyirlər ki, təkərlər tez xarab olur.
Avtomobili uyğun sürətdə sürmək, təkərləri qış mövsümünə uyğun dəyişmək, əyləc sistemindən çox istifadə etməmək, mümkün olduğu qədər qarşıdan gedən avtomobildən uzaq durmaq!
Bu şərtlərə düzgün riayət edilsə, o zaman avtomobil qarlı, buzlu havalarda yetərincə qorunar. Əks təqdirdə həftədə bir neçə dəfə avtomobil ustasına müraciət etmək ehtimalınız daha böyükdür..