Sarkisyan: "Paşinyan Ermənistan-Rusiya münasibətlərinə..."
Nikol Paşinyan 8 may tarixini Ermənistanda qeyri-iş günü elan edib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, o, bu barədə İrəvanın Respublika meydanında keçirilən mitinqdə bildirib.
Müxalifət lideri mayın 8-də erməni xalqının 95 faizinin dəstəklədiyi namizədin - özünün baş nazir seçiləcəyinə əminliyini ifadə edib: "Səsvermə parlamentdə saat 12:00-da başlayacaq. Saat 11:00-dan hamınızı yenidən bura - Respublika meydanına toplaşmağa çağırıram. Artıq "Çıxış", "Tsarukyan" blokları və Daşnaksütun partiyası tam şəkildə, Respublika partiyasının isə bəzi deputatları məni dəstəkləyəcəklərinə söz verib".
Yeri gəlmişkən, hakim Respublika partiyasından deputat, parlamentin vitse-spikeri Eduard Şarmazanov Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəklərini təsdiqləyib.
Eduard Şarmazanov hazırda Nikol Paşinyanın lehinə 45 imza toplandığını deyib: "Ola bilər ki, 8, 10, bəlkə də 11 səs çatmasın, onu da bizim deputatlar təmin edə bilər".
Xatırladaq ki, Nikol Paşinyan Ermənistanın baş naziri postuna yeganə namizəddir.
Bu arada Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanla işləməyə hazır olduğunu bəyan edib: "O hökumətə necə rəhbərlik edəcək, bunu zaman göstərəcək. Mən öz həyat təcrübəmə arxalanaraq ona müəyyən məsləhətlər verə bilərəm. Amma o bunu istəsə və qəbul etsə... Mənim üçün prioritet qanun və konstitusiyadır. Kim bunu pozmaq istəsə qarşısında məni görəcək".
Armen Sarkisyan Nikol Paşinyanın iqtisadi-siyasi kursu barədə məlumatı olmadığını desə də, istənilən halda onun atacağı addımların Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu əlavə edib.